Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Əmək Məcəlləsinin 20-dən artıq maddəsinə dəyişiklik layihəsi
  • 1742

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik   edilməsi barədə

(LAYİHƏ)

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 15-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild 1); 2024, № 1, maddə 6; Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü maddə üzrə:

1.1.1. 5-ci hissədə “ismin müvafiq halında “əmək müqaviləsi” sözləri “– əmək müqaviləsi” sözləri ilə əvəz edilsin və həmin hissəyə “fərdi qaydada” sözlərindən sonra “bu Məcəllə ilə müəyyən edilmiş formada” sözləri əlavə edilsin; 

1.1.2. 5-1-ci hissə ləğv edilsin; 

1.1.3. aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilsin:

“8-1. Ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra – elektron informasiya sistemi) yaradılan və yaxud bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda təsdiq edilən cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahid.”;

1.2. 7-ci maddənin 2-ci hissəsində “hissəsi” sözü “və 2-2-ci hissələri” sözləri ilə, “elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra” sözləri “əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda” sözləri ilə əvəz edilsin; 

1.3. 9-cu maddənin birinci hissəsinin “o” bəndi aşağıdakı redaksiyada verilsin:

“o) elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək.”;

1.4. 12-ci maddənin 1-ci hissəsi üzrə:

1.4.1. “h” bəndi ləğv edilsin;

1.4.2. “j” bəndi aşağıdakı redaksiyada verilsin: 

“j) işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək;”;

1.4.3. aşağıdakı məzmunda “k”, “q” və “l” bəndləri əlavə edilsin: 

“k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək;

q) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaratmaq;

l) elektron informasiya sisteminə strukturuna, peşə və vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərini daxil etmək.”;

1.5. 15-ci maddənin 2-ci hissəsində “səlahiyyəti çərçivəsində” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə” sözləri ilə əvəz edilsin;

1.6. 21-1.1.3-cü maddəyə “məskunlaşdıqda” sözündən sonra “(yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda)” sözləri əlavə edilsin;

1.7. 43-cü maddənin 2-ci hissəsi üzrə:

1.7.1. “a”, “b”, “c” və “ğ” bəndləri aşağıdakı redaksiyada verilsin: 

“a) işçinin soyadı, adı, atasının adı, ünvanı və fərdi identifikasiya nömrəsi (FİN); 

b) işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquq şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN); 

c) əsas və ya əlavə iş yeri olması barədə qeydlə birlikdə işçinin iş yerinin ünvanı, vəzifəsi (peşəsi);”;

“ğ) əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN);”;

1.7.2. “h” bəndi ləğv edilsin;

1.8. 44-cü maddə üzrə:

1.8.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır.”;

1.8.2. 3-cü hissədə “Əmək” sözü “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək” sözləri ilə əvəz edilsin;

1.9. 46-cı maddə üzrə:

1.9.1. 2-ci və 3-cü hissələr ləğv edilsin;

1.9.2. 5-ci hissənin üçüncü cümləsindən “və ya yazılı formada tərtib edildiyi” sözləri çıxarılsın;

1.9.3. 6-cı hissənin üçüncü cümləsində “Həcmcə” sözü “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir.”;

1.10. 47-ci maddənin birinci hissəsinin “g” bəndi ləğv edilsin;

1.11. 48-ci maddə üzrə:

1.11.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə habelə əmək kitabçasını təqdim edir.”;

1.11.2. 3-cü hissəyə “əmək kitabçası” sözlərindən əvvəl “bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin;

1.11.3. 4-cü hissədə “Əmək” sözü “Bu maddənin 6-cı hissəsi nəzərə alınmaqla əmək” sözləri ilə əvəz edilsin və həmin hissəyə “işəgötürənə” sözündən sonra “peşə hazırlığı və” sözləri əlavə edilsin;

1.11.4. 6-cı hissəyə “bu Məcəllədə” sözlərindən əvvəl “aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan,” sözləri əlavə edilsin;

1.11.5. aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:

“7. Əmək müqaviləsi bağlanıldıqdan sonra işçilərlə bağlı elektron informasiya sistemində mövcud olan əmək fəaliyyətinə dair ümumi məlumatların, o cümlədən həmin və ya digər işəgötürənlə əvvəllər bağlanılmış əmək müqavilələrinin, onlarda dəyişiklik edilməsi və ya onlara xitam verilməsi ilə bağlı məlumatların işəgötürənə ötürülməsi istisna olmaqla, şəxsin əmək fəaliyyəti barədə məlumatların digər şəxslərə ötürülməsi “Fərdi məlumatlar haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.”; 

1.12. 49-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi

1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.   

2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır.                   Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. 

4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır.

5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz.”;

1.13. 53-cü maddənin 1-ci hissəsinə və 56-cı maddənin 2-ci hissəsinin birinci cümləsinə “yazılı” sözündən sonra “(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)” sözləri əlavə edilsin;

1.14. 58-ci maddənin 1-ci hissəsi üzrə: 

1.14.1. ikinci cümlədən “, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri” sözləri çıxarılsın;

1.14.2. üçüncü cümlə çıxarılsın;

1.15. 69-cu maddə üzrə:

1.15.1. 1-ci hissəyə, 4-cü hissənin üçüncü cümləsinə və 6-cı hissənin ikinci cümləsinə “yazılı” sözündən sonra “(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)” sözləri əlavə edilsin;

1.15.2. 3-cü hissədə “əmək müqaviləsi bağladıqda” sözləri “əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda” sözləri ilə əvəz edilsin;

1.16. 73-cü maddə üzrə: 

1.16.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.”;

1.16.2. 2-ci hissədə “işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş” sözləri “bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən” sözləri ilə əvəz edilsin;

1.17. 75-ci maddənin 2-ci hissəsinin “ç” bəndinə “yazılı formada” sözlərindən sonra “(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)” sözləri əlavə edilsin;

1.18. 83-cü maddə üzrə:

1.18.1. 1-ci və 2-ci hissələr aşağıdakı redaksiyada verilsin:

“1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.”;

1.18.2. aşağıdakı məzmunda 3-cü və 4-cü hissələr əlavə edilsin: 

“3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.”;

1.19. 84-cü maddə üzrə:

1.19.1. adında “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.19.2. 1-ci hissə üzrə:

1.19.2.1. birinci abzasda “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.19.2.2. ikinci abzas aşağıdakı redaksiyada verilsin: 

“işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi;”;

1.19.2.3. beşinci abzasda “müqaviləsinin ləğv edilməsinin” sözləri “müqaviləsinə xitam verilməsinin” sözləri ilə əvəz edilsin;

1.19.2.4. altıncı və səkkizinci abzaslarda “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.19.2.5. yeddinci abzasda “müqaviləsi ləğv edilən” sözləri “müqaviləsinə xitam verilən” sözləri ilə əvəz edilsin;

1.19.3. 3-cü hissədə “müqaviləsinin ləğv edilməsi” sözləri “müqaviləsinə xitam verilməsi” sözləri ilə əvəz edilsin;

1.20. 85-ci maddə üzrə:

1.20.1. 1-ci hissə üzrə:

1.20.1.1. birinci cümlədə “İşəgötürən” sözü “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən” sözləri ilə, “uçotunun qeydiyyatını” sözləri “uçotunu” sözü ilə əvəz edilsin;

1.20.1.2. ikinci cümlədə “qeydiyyat” sözü “uçot” sözü ilə əvəz edilsin;

1.20.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir.”; 

1.20.3. 2-ci hissənin birinci cümləsində “İşəgötürən qeydiyyat” sözləri “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən uçot” sözləri ilə əvəz edilsin;

1.20.4. 3-cü hissədə “Bu maddədə” sözləri “Bu maddənin 1-ci və 2-ci hissələrində” sözləri ilə əvəz edilsin və həmin hissədən “və qeydiyyatı” sözləri çıxarılsın;

1.21. 86-cı maddə üzrə:

1.21.1. 1-ci hissədə “İşəgötürən” sözü “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işəgötürən” sözləri ilə əvəz edilsin;

1.21.2. 2-ci hissənin birinci cümləsinə “işəgötürəndə” sözündən əvvəl “bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin;

1.21.3. 3-cü hissədə “əsli,” sözü “əslinin bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda” sözləri ilə əvəz edilsin;

1.21.4. aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

“4. Elektron sənəd formasında bağlanılan əmək müqavilələri barədə məlumatların arxivləşdirilməsi elektron informasiya sistemi vasitəsilə təmin edilir.”;

1.22. 87-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında məlumatlar

1. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. 

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.  

3. İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

4. Xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron informasiya sistemində, habelə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçasında qeydiyyatı xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.”;

1.23. 88-ci maddə üzrə:

1.23.1. 1-ci hissəyə “xasiyyətnamə verməyə” sözlərindən sonra “, o cümlədən elektron informasiya sistemi vasitəsilə işçinin informasiya sistemində yaradılan elektron kabinetinə göndərməyə” sözləri əlavə edilsin;

1.23.2. 2-ci hissənin birinci cümləsinə “yazılı” sözündən sonra “(kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)” sözləri əlavə edilsin;

1.24. 103-cü maddənin 4-cü hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, növbə cədvəlləri elektron informasiya sisteminə daxil edilir.”; 

1.25. 138-ci maddənin 1-ci hissəsinin birinci cümləsinə “işçinin” sözündən sonra “yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)” sözləri əlavə edilsin;

1.26. 172-ci maddənin 6-cı hissəsində “87-ci maddəsinin üçüncü hissəsi ilə” sözləri “83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin;

1.27. 173-cü maddəyə aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:

“5. Əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilir.”;

1.28. 258-ci maddənin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında əmək müqaviləsi bağlanılmaqla tənzimlənir.”;

1.29. 296-cı maddənin 3-cü hissəsinə “verildiyi” sözündən sonra “və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə)” sözləri əlavə edilsin;

1.30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə - “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması” üzrə:

1.30.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:  

“1.1. Bu Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) İşəgötürən__________________________________________________________

(işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i), faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı, adı və atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-i), faktiki fəaliyyət göstərdiyi ünvanı, fərdi identifikasiya nömrəsi (FİN-i) 

_______________________________________________________________  ilə

İşçi _____________________________________________________________________

                          (soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (FİN-i) və

__________________________________________________________________

(sosial sığorta nömrəsi (SSN-i), əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan 

 

işçilər, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla) 

arasında “____” _______________ ______ il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) uyğun olaraq bağlanılmışdır.”;

1.30.2. 2.3-cü bənddən “ ____ “ _____________ il tarixindən” sözləri çıxarılsın;

1.30.3. 2.4-cü bəndə “tarixindən” sözündən sonra “, həmin tarixədək müqavilə imzalanmadıqda isə imzalandığı gündən” sözləri əlavə edilsin; 

1.30.4. 6.2-ci bəndə “işsizlikdən sığorta,” sözlərindən sonra “icbari” sözü əlavə edilsin;

1.30.5. 8.3-cü bənddə “dərhal (______ gündən gec olmayaraq)” sözləri “imzalandığı tarixdən və ya _____ gündən gec olmayaraq” sözləri ilə əvəz edilsin;

1.30.6. 10.2-ci bənddə “Bu Əmək müqaviləsi” sözləri “Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda bu əmək müqaviləsi” sözləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli, 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli və 23 aprel tarixli 1141-VIQD nömrəli qanunları) 102.1.6-cı və 102.8-ci maddələrindən “(əmək kitabçasının olduğu yerdə)” sözləri çıxarılsın.

Maddə 3. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli və 7 may tarixli 1148-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 29-cu maddə üzrə:

3.1.1. 29.1-ci maddəyə “olaraq” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə” sözləri əlavə edilsin;  

3.1.2. 29.3-cü maddəyə “bağlayarkən” sözündən sonra “elektron informasiya sistemində və ya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin və həmin maddədə “həmin” sözü “elektron informasiya sistemində və ya” sözləri ilə əvəz edilsin;

3.1.3. 29.4-cü maddəyə “azad edilmiş” sözlərindən sonra “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş” sözləri əlavə edilsin;

3.2. 168-ci maddə üzrə:

3.2.1. 168.3-cü maddəyə “əmək kitabçası” və “pensiya vəsiqəsi” sözlərindən sonra “(olduğu halda)” sözləri əlavə edilsin;

3.2.2. 168.4-cü maddədə “əmək kitabçası və pensiya vəsiqəsi” sözləri “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş şəxslərə münasibətdə əmək kitabçası” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 62 (Cild 1) 8-ci maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. birinci cümləyə “haqqında” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş şəxsin” sözləri əlavə edilsin;

4.2. ikinci cümlədə “Şəxsin” sözü “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş şəxsin” sözləri ilə əvəz edilsin.

Maddə 5. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 393 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 mart tarixli 1108-VIQD nömrəli Qanunu) 7-ci maddəsinin dördüncü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. birinci cümlədə “Məcburi köçkünlərin” sözləri “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda məcburi köçkünlərin” sözləri ilə əvəz edilsin;

5.2. ikinci cümlədə “bu şəxslər” sözləri “məcburi köçkünlər” sözləri ilə əvəz edilsin.

Maddə 6. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 12 (Cild I) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 12-ci maddəsinin 3-cü bəndinə “əmək kitabçası” sözlərindən sonra “(olduğu halda)” sözləri əlavə edilsin.

Maddə 7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I) 17.8-ci maddəsində “əmək kitabçasında və şəxsi işində” sözləri “şəxsi işində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda əmək kitabçasında” sözləri ilə əvəz edilsin.

Maddə 8. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 13-cü maddəsinin 3-cü bəndinə “əmək kitabçası” sözlərindən sonra “(olduğu halda)” sözləri əlavə edilsin.

Maddə 9. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 738 (Cild I) 9.2.2-ci maddəsinin 1-ci hissəsində “müqaviləsi bildirişinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınması” sözləri “müqaviləsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron sənəd formasında bağlanılması” sözləri ilə əvəz edilsin.

Maddə 10. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 

10.1. aşağıdakı məzmunda 5.2.1-1-ci maddə əlavə edilsin:

“5.2.1-1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiq etmək, yerinə yetirmək və icrası barədə hesabat vermək;”;

10.2. 13-cü maddə üzrə:

10.2.1. 13.5-ci maddənin birinci cümləsinə “ilk dəfə” sözlərindən əvvəl “bir sığorta hadisəsi üzrə” sözləri, “müraciət edərək” sözlərindən sonra “həmin sığorta hadisəsinə görə” sözləri əlavə edilsin və həmin cümlədə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan” sözləri “məşğul şəxs hesab edilməmiş” sözləri ilə əvəz edilsin; 

10.2.2. 13.8-ci maddədə “dəfə yenidən” sözləri “sığorta hadisəsi üzrə” sözləri ilə əvəz edilsin;

10.3. 14-cü maddə üzrə:

10.3.1. 14.3-cü maddəyə “əməkhaqqı barədə” sözlərindən sonra “(sığorta haqqı ödənilmiş)” sözləri əlavə edilsin;

10.3.2. 14.4-cü maddədə “Qanunu ilə işsiz kimi qeydiyyata alındığı” sözləri “Qanununa uyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi” sözləri ilə əvəz edilsin;

10.4. 17.7-ci maddənin birinci cümləsində “şəxsən” sözü “elektron formada” sözləri ilə əvəz edilsin.

Maddə 11. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 1-ci maddə üzrə:

11.1.1. 1.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“1.1.3. fərdi məşğulluq proqramı – işsiz, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran şəxsin işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədilə məşğulluq imkanlarının qiymətləndirilməsi əsasında hazırlanan, aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəd;”;

11.1.2. 1.1.22-ci maddədə “yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər,” sözləri “1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə” sözləri ilə əvəz edilsin;

11.2. 4-cü maddə üzrə:

11.2.1. 4.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.9-cu maddə əlavə edilsin:

“4.1.9. xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər.”;

11.2.2. 4.4.2-ci maddədə “sahibkarlar,” sözündən sonra “4.1.9-cu maddəsində göstərilən sərbəst mediatorlar və vəkillər,” sözləri əlavə edilsin;

11.2.3. 4.4.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.4.11-ci maddə əlavə edilsin:

“4.4.11. bu Qanunun 4.1.9-cu maddəsində göstərilən xüsusi notariuslar barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “Elektron notariat” informasiya sisteminin məlumatları əsasında.”;

11.3. 5-ci maddə üzrə:

11.3.1. 5.2-ci və 5.4-cü maddələrə “işaxtaran” sözündən sonra “və ya işsiz” sözləri əlavə edilsin; 

11.3.2. 5.3-cü maddədə “İşaxtaran kimi qeydiyyata alınmaq üçün” sözləri “Bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri ilə əvəz edilsin;

11.3.3. 5.5-ci maddədə “işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz” sözləri “bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş ərizə ilə müraciət etdiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınmasını istisna edən hal müəyyən etmədikdə işsiz kimi, əks halda işaxtaran (bu Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

11.3.4. 5.9.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.9.5-ci və 5.9.6-cı maddələr əlavə edilsin:

“5.9.5. bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə;

5.9.6. bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı bu Qanunun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.”;

11.3.5. 5.10.4-cü maddə ləğv edilsin;

11.3.6. 5.11.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.11.7-ci və 5.11.8-ci maddələr əlavə edilsin: 

“5.11.7. fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə;

5.11.8. fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı bu Qanunun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə.”;

11.4. 6-cı maddə üzrə:

11.4.1. 6.1-ci maddədə “İşaxtaran” sözü “Şəxs” sözü ilə əvəz edilsin;

11.4.2. 6.2-ci maddədə “işaxtaranın” sözü “şəxsin” sözü ilə əvəz edilsin;

11.5. 7.2-ci maddədə “Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsinə və bu Qanunun 7.1-ci maddəsinə” sözləri “Məcəlləsinə” sözü ilə, “məlumatlar” sözü “ştat vahidləri” sözləri ilə əvəz edilsin;

11.6. 18-ci maddə üzrə:

11.6.1. 18.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:   

“Bu məlumat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron informasiya sistemi vasitəsilə təqdim edilməlidir.”;

11.6.2. 18.4-cü və 18.5-ci maddələr ləğv edilsin;

11.7. 20-ci maddə üzrə:

11.7.1. 20.1.2-ci maddəyə “qabiliyyətini itirdikdə” sözlərindən sonra “, həmin peşə (ixtisas) üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda” sözləri əlavə edilsin; 

11.7.2. aşağıdakı məzmunda 20.6-cı maddə əlavə edilsin:

“20.6. Bu Qanunla nəzərdə tutulmuş hallarda peşə hazırlığına cəlb olunmuş və müvafiq kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada sənəd təqdim olunur.”;

11.8. 24-cü maddə üzrə:

11.8.1. aşağıdakı məzmunda 24.1.1-1-ci maddə əlavə edilsin:

“24.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi;”;

11.8.2. 24.3-cü maddədə “1 (bir) il” sözləri “6 (altı) ay” sözləri ilə əvəz edilsin;

11.8.3. 24.4-cü maddəyə “istifadə etmədikdə” sözlərindən sonra “, özgəninkiləşdirdikdə, digər şəxsin istifadəsinə verdikdə” sözləri əlavə edilsin;

11.9. 25-ci maddə üzrə:

11.9.1. 25.3-cü maddədə “2 (iki) ildən” sözləri “6 (altı) aydan” sözləri ilə, “3 (üç) aydan az və” sözləri “əmək müqaviləsinin müddətinin yarısı qədər, lakin” sözləri ilə əvəz edilsin;

11.9.2. 25.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“25.5. Sosial iş yerlərinin təşkili zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük verilir.”;

11.9.3. 25.6-cı maddədə “10” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin;

11.10. 27-ci maddə üzrə:

11.10.1. 27.1-ci maddəyə “İşsiz” sözündən sonra “, bu Qanunun 20.2.2-ci, 21.1-ci və 24.1-ci maddələrinə uyğun olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu maddədə nəzərdə tutulmuş işsiz və işaxtaran kimi qeydiyyata alınan şəxs qeydiyyata alındığı tarixdən ən geci 14 gün ərzində fərdi məşğulluq proqramını təsdiq etməlidir.”;

11.10.2. 27.2-ci maddədə “İşsiz” sözündən sonra “, habelə bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaran” sözləri əlavə edilsin və “aktiv məşğulluq tədbirlərində” sözləri “tədbirlərdə” sözü ilə əvəz edilsin;

11.11. 31.1-ci maddədə “sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə” sözləri “sisteminə” sözü ilə əvəz edilsin. 

Maddə 12. Keçid müddəalar 

12.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən edilir.

12.2. Bu Qanun qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilir.

12.3. Bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçirilir.

 

Azərbaycan Respublikasının Prezidenti


https://meclis.gov.az/news-layihe.php?id=2300&lang=az&par=0

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab