Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur
  • 3280

Əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulur


Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində yeni və müasir metodlar hazırlanır. Əsas hədəflərdən biri kimi, əmək müfəttişliyinin elektron nəzarət sistemi qurulmaqdadır. Nəzarətlə əlaqədar elektron protokolların tərtib edilməsi və elektron qərarın qəbul edilməsi  “Monitorinq” altsistemi vasitəsilə həyata keçiriləcək. Hazırda bunun üçün həmin altsistemin müvafiq funksional imkanlarının formalaşdırılması prosesi gedir.
 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə və əmək sahəsində məsələlərin müzakirəsinə həsr olunmuş video formatında keçirilən iclasda bildirib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pandemiya dövründə reallaşdırılan sosial dəstək tədbirlərinin mühüm istiqaməti kimi, iş yerlərinin, muzdla çalışan 1 milyon 665 minədək işçinin iş yeri və əməkhaqqı gəlirləri qorunması işləri davam edir. “Əmək müqaviləsi bildirişi” altsistemində bununla bağlı işəgötürənlərə xəbərdarlıqlar yerləşdirilib. Həmçinin e-sistem üzərindən bu istiqamətdə gündəlik nəzarət aparılır, e-sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə dərhal əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir.
 

Karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkətinə şərait yaratmaq üçün e-sistemə real olmayan əmək müqaviləsi bildirişləri daxil etdiklərinə əsaslı şübhələr yaranan işəgötürənlərlə bağlı məlumatlar da hüquq-mühafizə orqanlarına təqdim edilir.

Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin davam etdirildiyini deyən S.Babayev “Qeyri-formal məşğulluğa nəzarət” Vahid İnformasiya Sisteminin yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb. O  bildirib ki, Beynəlxalq Maliyyə Korporasiyası (İFC) ilə əməkdaşlıqda əmək müfəttişliyinin müasir metodologiya üzrə və risk əsaslı nəzarət mexanizminin yaradılması işləri da davam edir.
 

İclasda “Əmək müqaviləsi bildirişi” və “Məşğulluq” altsistemlərinin, fərdi uçot sisteminin müqayisəli təhlilllərinin aparılması, həmçinin İcbarı Sığorta Bürosunun informasiya sistemi ilə müqayisəli təhlil aparılmaqla sığorta müqaviləsi bağlamamış işəgötürənlərin müəyyənləşdirilməsi üçün görüləcək işlər nəzərdən keçirilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs olunub.
 

Xidmətin Mərkəzi Laboratoriyasının bazasında Əməyin Mühafizəsi Mərkəzinin yaradılması, Xidmətin kadr potensialının artırılması və işəgötürənlər üçün maarifləndirmə işlərinin təşkili, risk əsaslı yoxlama mexanizminin və əməyin mühafizəsi üzrə standart, norma və qaydaların mənimsənilməsi üçün müfəttişlərin iştirakı ilə treninqlərin təşkili, əməyin mühafizəsi sahəsində iqtisadi fəaliyyət sahələri üzrə norma və standartların hazırlanması və s. məsələlər müzakirə edilib.


Mənbə http://sosial.gov.az/3485 


Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab