İnsan Resursları
Əsas səhifə / İnsan Resursları
İş yerlərində qorxu və stress: nevrotik müəssisələrin gizli təsiri
  • 37

Müəllif-SEVİNC QARAKİŞİYEVA

“Nevrotik müəssisə” termini iş mühitində yüksək stress, qeyri-müəyyənlik və destruktiv davranış nümunələri ilə xarakterizə olunan təşkilatları təsvir etmək üçün istifadə olunur. Bu anlayış ilk dəfə danimarkalı tədqiqatçı Lars Kolind tərəfindən işlənib hazırlanmış və daha sonra bir çox psixoloqlar və idarəetmə ekspertləri tərəfindən tədqiq edilmişdir.

Bunlardan ən maraqlısı Manfred Kets de Vriesin yanaşması olmuşdur. O, korporativ nevroz haqqındakı araşdırmalarını Kolindin araşdırmaları ilə əlaqələndirərək psixoloji və psixoanalitik baxış bucağı ilə dərinləşdirib.

Nevrotik müəssisələrdə həm struktur və şirkət mədəniyyəti ilə bağlı bir çox problemlər mövcuddur və bunlar işçilərin rifahına, məhsuldarlığına və təşkilatın uzunmüddətli uğuruna ciddi təsir göstərir.

Bu müəssisələr təkcə işçilərin psixoloji və fiziki sağlamlığı üçün deyil, həm də təşkilatın strateji effektivliyi və reputasiyası üçün ciddi risk yaradır.

Nevrotik müəssisələrin əsas növləri

1. Paranoid müəssisə

Paranoid müəssisələrdə şübhə, inamsızlıq və daim təhlükə gözləyişi hökm sürür. Rəhbərlik işçilərin hər addımını izləyir və onların niyyətlərinə şübhə ilə yanaşır. Qərarvermə prosesi çox yavaş və ehtiyatlı şəkildə aparılır, çünki hər məsələ əvvəlcədən araşdırılır və diqqətlə qiymətləndirilir.

Belə mühitdə çalışan işçilər daim öz hərəkətlərinə bəraət qazandırmağa çalışır, açıq fikir bildirməkdən çəkinir və təşəbbüs göstərmirlər. Komanda içindəki inamsızlıq əməkdaşlığı zəiflədir, nəticədə kreativlik və innovativ yanaşmalar, demək olar ki, sıfıra enir. Kreativlik və innovativ yanaşmalar azalır.

2. Kompulsiv müəssisə

Kompulsiv müəssisələrdə kiçik detallara obsessiv diqqət və perfeksionizm hakimdir. Hər bir iş mikromenecment səviyyəsində izlənir və rəhbərlik səhvləri qəbul etmir. İşçilərdən gözləntilər həddindən artıq yüksəkdir və hər bir layihənin “mükəmməl” olmasına fokuslanılır.

Belə mühitdə işçilər stress altında işləyir, qərarsız olurlar və səhv etməkdən qorxurlar. Kreativlik və təşəbbüskarlıq əhəmiyyətli dərəcədə azalır, işçilər məsuliyyət və risk götürməkdən çəkinirlər. Passiv fəaliyyət üstünlük təşkil edir və ancaq verilən tapşırıqları yerinə yetirilir.

3. Dramatik müəssisə

Dramatik müəssisələrdə həddindən artıq emosional davranışlar və narsisizm üstünlük təşkil edir. Liderlər öz emosionallığını idarə etməyə çətinlik çəkir və qərarvermə prosesi daha çox impulsiv və emosional əsaslarla həyata keçirilir. Bu cür mühitdə dramatik nümayiş və gərginlik gündəlik həyatın bir hissəsi olur.

İşçilər qərarsızlıq və stress yaşayır, emosional manipulyasiyaya məruz qalır. Komanda içində konfliktlərin sayı artır, əməkdaşlıq zəifləyir və işçilərin uzunmüddətli motivasiyası azalır. Kreativlik bəzən rəhbərin emosional davranışlarından asılı olur və işçilər təşəbbüsdən çəkinirlər.

4. Depressiv müəssisə

Depressiv müəssisələrdə iş mühiti günahlandırma, işçini dəyərsiz hiss etdirmə və motivasiyasızlıq üzərində qurulur. Rəhbərlik tənqid və əzici yanaşmalardan istifadə edir, işçilərin uğurlarını qiymətləndirməkdə isə maraqlı deyil. Əksər hallarda bu tip müəssisələrdə passiv və ruhdan salıcı şirkət mədəniyyəti olur, gələcək perspektivlər ümidsizdir.

Belə bir mühitdə işçilər özünü kifayət qədər dəyərli hiss etmir, təşəbbüs göstərməkdən çəkinir və öz qərarlarına güvənmir. Kreativlik və yenilik etmək qabiliyyəti azalır, əməkdaşlıq zəifləyir, stress və emosional yüklənmə artaraq “tükənmişlik” (burnout) riskini yüksəldir.

5. Şizoid müəssisə

Şizoid müəssisələrdə iş mühitində işdən çıxma, işə laqeyd yanaşma və yadlaşma hissi hakimdir. Rəhbərlik işçilərlə ünsiyyəti minimuma endirir. Əməkdaşlıq və ünsiyyət zəifdir, insanlar yalnız öz vəzifələrinə fokuslanır və komanda ruhu formalaşmır.

İşçilər özlərini tənha və yadlaşmış hiss edirlər. Kollektiv qərarvermə demək olar ki, həyata keçirilmir, əməkdaşlıq və dəstək çatışmazlığı isə motivasiyanı azaldır. İşçilər uzun müddət bu mühitdə qaldıqda emosional yorğunluq yaranır və iş yerinə bağlılıq qopur.

Araşdırmalar göstərir ki, nevrotik müəssisələr işçilərin motivasiya, emosional rifah və məhsuldarlığına ciddi mənfi təsir göstərir. Məsələn, Harvard Business Review və OECD-nin tədqiqatları göstərir ki, paranoid və depressiv mühitlərdə işçilərin iş məmnunluğu 40–50% azalır, məhsuldarlığı isə 30–40% aşağı düşür, stress səviyyəsi isə əhəmiyyətli dərəcədə yüksəlir. Kompulsiv müəssisələrdə perfeksionizm və mikromenecment innovasiyanı minimuma endirir, dramatic müəssisələrdə emosional və impulsiv liderlik tükənmişlik və komanda daxili konfliktləri artırır. Belə müəssisələrdə işçilərin işdən çıxma riski 60%-ə qədər yüksəlir.

Məqalənin müəllifi: Sevinc Qarakişiyeva

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab