Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
İş yerində psixoloji terror_“Mobbing”
  • 2535

Azərbaycanda “Mobbing”in necə ciddi fəsadlara yol aça biləcəyi düşüncəsi adamı əməlli-başlı narahat edir

Davamlı şəkildə psixoloji terrora məruz qalan şəxsdə depressiya və fiziki problemlərlə yanaşı bir çox psixoloji pozuntular da yarana bilir ki, nəticədə insan psixoloji dəstəyə ehtiyac duya bilər

Araşdırmalar göstərir ki, müasir dünyamızda davamlı olaraq dəyişən, ağırlaşan yaşam şərtləri və ifrat rəqabətin hakim olduğu iş bazarı, ofis daxili rəqabəti, fitnə-fəsadları da özüylə bərabər gətirməkdədir. Nə yazıq ki, bəzi hallarda işçilər özlərini göstərmək üçün iş yoldaşlarını rəhbərlərinə qaralamaq, başqalarının gördüyü işi sahiblənmək, heç bir iş görmədiyi halda hamıdan çox işləyirmiş kimi görünmək kimi fərqli metodlar icad edərək, rəqib gördüklərinin önünə keçməyə çalışmaqdadırlar. Bu gedişlə qurulan yaxşı iş münasibətləri, işə və şirkətə bağlılıq yerini yeni trendlərə buraxmaqdadır. Bu trendlərin ən yenisi isə “Mobbing” olaraq adlandırılan, iş yerində rəhbəri və ya iş yoldaşları tərəfindən işçiyə qarşı həyata keçirilən duyğusal təzyiq və qorxutma siyasətidir.

Ötən əsrin səksəninci illərindən etibarən Avropa ölkələrində sıx-sıx eşidilməyə başlanan “Mobbing”, ya da başqa bir deyimlə “psixoloji terror” hamımız üçün əslində çox yeni qavramdır və dilimizdə dəqiq qarşılığı yoxdur. Təxminən, təcavüz etmək, digərinə qarşı təşkilatlanaraq hücuma keçmək və təşkilat daxilində “psixoloji terror” tətbiq etmək mənasına gələn sözügedən kəlmə, əslində, tamamilə psixoloji təcavüzü, şiddəti ehtiva edir. “Mobbing” termini Azərbaycanda yayğın olaraq işlədilməməsinə rəğmən, istər dövlət, istərsə də özəl sektorda çalışanların əksəriyyətinin onunla hansısa formada rastlaşdığı şübhəsizdir. Bu kəlmə ilə yeni-yeni tanış olsaq da, əslində “psixoloji terror” həmişə mövcud olub. Əminəm ki, işçilərin günlərlə qaş-qabağını salladığı, kim, “nə zaman əleyhimə davranacaq və danışacaq” deyə düşündüyü, işi-gücü buraxıb “bu vəziyyətə qarşı necə müqavimət göstərmək olar” deyə gərgin saatlar keçirdiyi iş mühiti heç birimiz üçün yad deyil. Təsəvvür edin ki, fikir bildirmək istəyirsiniz, sözünüz kəsilir, gördüyünüz iş davamlı olaraq tənqid olunur, yazılı, şifahi və ya telefonda təhdid edilirsiniz. Kimsə sizinlə danışmır, açıq şəkildə olmasa da əməkdaşların sizinlə ünsiyyəti qadağan olunur, sizinlə orada deyilmişsiniz kimi davranılır. Arxanızca pis danışılır, əsilsiz dedi-qodular çıxarılır, qərarlarınız daima sorğulanır, gününüz mənasz mübahisə və müzakirələrə həsr olunur. Belə bir mənzərənin varlığı o deməkdir ki, həmin iş yerində xəstə bir mühit mövcuddur və adamın bu xəstə bir mühitdə işləməsi bir yana, nəfəs alması belə çətin olur. Adam normal həyatına davam edə bilməyəcək bir halla üz-üzə qalır. Davamlı şəkildə psixoloji terrora məruz qalan şəxsdə depressiya və fiziki problemlərlə yanaşı bir çox psixoloji pozuntular da yarana bilir ki, nəticədə insan psixoloji dəstəyə ehtiyac duya bilər. Lakin cəmiyyətimizdə insanların psixoloji yardım almaq vərdişinin olmaması da ayrıca bir mövzudur və bu səbəbdən də “Mobbing”in necə ciddi fəsadlara yol aça biləcəyi düşüncəsi adamı əməlli-başlı narahat edir. Bu səbəbdən də sözügedən qavramın üzərində ciddi durmaq, öyrənmək, məlumatlı olmaq lazımdır ki, “Mobbing”lə üzləşdiyini anlayasan və belə olan halda neyləməlisən.

“Mobbing”in meydana çıxması

Bu qavram ilk dəfə Avstriyalı zooloq Konrad Lorens tərəfindən gündəmə gətirilsə də, 1984-cü ildə isveçli psixoloq Hayns Leymann 2400 nəfər üzərində aparılan bir təcrübə sonrası bu termini iş həyatına aid etdi. O zamandan bəri başda Skandinaviya ölkələri olmaqla bir çox ölkədə, xüsusilə Almaniya, İsveçrə və Avstriyada bu yöndə ciddi çalışmalar daima gündəmdədir. Leymann “Mobbing”i “düşməncəsinə və etik olmayan bir şəkildə, sistemli olaraq bir və ya birdən artıq insanın əsasən bir nəfərə qarşı həyata keçirdikləri və onu, çarəsiz və müdafiəsiz bir halda buraxdıqları durum” olaraq tanıdır. Xüsusilə, iyerarxik quruluşlara malik və nəzarətin zəif olduğu təşkilatlarda, bütün gücün bir əldə olduğu qurumlarda bu hala daha çox rast gəlinir. Bir sözlə, “Mobbing” insanın iş mühitindəki hörmətinə, şəxsiyyətinə və işləmək haqqına ziyan vuran bur haldır. “Mobbing” hallarında üç ana rol vardır; zalım, qurban və tamaşaçı.

- Zalım, zəif xarakterli, anlayışdan kasad, savad və bacarığına inamsız, bütün gücü əlində cəmləşdirmək istəyən, həddindən artıq nəzarətçi, fərqliliklərə dözümsüz, davamlı olaraq tərifə ehtiyac duyan və diqqət görmək istəyən, riyakar insanlardan formalaşır.

- Qurban, əsasən işində özünü isbatlamış, dürüst, özünü işinə həsr etmiş, siyasi oyunlardan uzaq və yüksək intellektli və səviyyəli insanlar arasından çıxır.

- Tamaşaçı isə işini itirmək risqini gözə almaq istəməyib, baş verənlərə göz yuman insanlardan formalaşır.

Mütəxəssislərin fikrincə, üzləşilən hər hansı xoşagəlməz halı “Mobbing” adlandırmaq mümkün deyil, çünki psixoloji terrorun sıx-sıx yaşanması və ən az 6 ay davam etməsi gərəkir. Əgər insan davamlı olaraq sözlü təcavüz, diqqətə alınmama, nə edirsə etsin mükafatlandırılmama, mənasız ittihamlar, münasibətləri ayırd etmə və s. bu kimi durumlar qarşısında aciz qalıb passiv bir mövqe sərgiləməyə başladıqda demək ki, “psixoloji terror” başlamışdır. “Mobbing”dəki təcavüz görünüşcə xeyli qapalıdır. Yəni, “Mobbing” hər hansı araşdırma zamanı başqa don geydirilə biləcək xarakterdədir və amac “qurban”ı mənəvi cəhətdən məhv etməkdir. “Mobbing”, əvvəlcə qeyri-müəyyən mahiyyətli hərəkətlər olaraq başlayır. Sonra eyhamlar, daha sonra olduqca narahatedici davranışlarla davam edir. "Mobbing" insanın peşə bütövlüyü və mənlik hissini zədələyir, “qurban”ın özünə qarşı şübhəsini artırır, paronaya və fikir dağınıqlığına səbəb olur. “Qurban” özünə inam hissini itirir, özünü təcrid, qorxu, biabırçılıq, qəzəb və narahatlıq hissləri, psixoloji sarsıntı yaşayır. “Mobbing” sonrasında meydana gələn yuxusuzluq, həddindən artıq kökəlmə və arqılama, alkoqol və psixotrop maddə alışqanlığı, tez-tez işə gec qalma-xəstəlik icazələri, ürək tutması, ruhi çökmə və qayğı “qurban”da müxtəlif xroniki xəstəliklər meydana gətirməkdən başqa onu intihara belə sövq edə bilir. Aparılan bir araşdırmaya görə “Mobbing” qurbanının səhiyyə xərcləri, onun qazancının üzərində bir rəqəm təşkil edir. “Mobbing” qurbanının yaşadığı problemləri ailə mühitinə əks etdirməsi, ailə daxili narahatlıq və münaqişələrə səbəb ola, hətta bu hal ailə içi şiddət və boşanmaqla nəticələnə bilər. Psixoloji terror ona uğrayan şəxsi pessimistliyə sürükləyir və onun davamlı xəta edərək işdə faydalılığının aşağı düşməsinə səbəb olur.

Yeri gəlmişkən qeyd edim ki, bəzən “psixoloji terror” sadəcə işəgötürənin əməkdaşına qarşı tətbiq etdiyi bir təzyiq olaraq düşünülür. Lakin belə deyil. Əməkdaşların da tabe olduqları rəhbərinə, orta təbəqə idarəedicilərə və ya iş yoldaşlarına bu təzyiqi tətbiq etdiklərinə sıx-sıx rast gəlinir. Xüsusilə əməkdaşların qruplaşması və bilavasitə tabe olduqları, yaxud, hər hansı müdiri şikayət etmədən əvvəl “terror mühiti” formalaşdırmaları şirkət maraqlarına çox böyük bir təhdiddir. Ortalıqda dolaşan dedi-qodular, görülən müsbət işləri ali rəhbərliyə çatdırmamaq, əvəzində mənfi məlumatlar vermək, iş yoldaşını əsassız yerə şirkət rəhbərinin gözündən salmaq cəhdləri çox sıx rastlanan basqı metodlarıdır. Psixoloji terrorun hədəfi həmin şəxsi iş mühitindən uzaqlaşdırma, onun istefa etməsinə nail olmaqla bərabər, daha şəxsi səbəblərə dayana bilər. Burada ən önəmli məqam odur ki, psixoloji şiddətə məruz qalan adam bunu edən şəxsin xarakterini anlaya bilsin və təyin etsin ki, üzləşdiyi psixoloji terror özüylə əlaqəlidir, yoxsa təzyiq edənin bir sıxıntısımı var. Odur ki, idarəedicilərin bu cür qarşıdurmaların daha təhlükəli bir səviyyəyə çatmasını əngəlləmək üçün diqqətli olmaları və müşahidə qabiliyyətlərini inkişaf etdirmələri çox önəmlidir. Çünki düşdüyü mühitin sıxıntısı “Mobbing” qurbanının iş yoldaşlarıyla olan münasibətlərinin də pozulmasına gətirib çıxarır. Psixoloji təcavüzdən sarsıntı keçirib sağlam düşünmə bacarığını itirən şəxs xətaları özündə aramağa başlayır, çarəni isə istefa verməkdə görür, illərlə öhdəsindən gələ bilməyəcəyi bir sıxınti ilə o mühitdən ayrılır.

“Mobbing”ə uğradığımızı necə anlamalı?

Bu sualın cavabına keçmədən “Mobbing”ə əsasən kimlərin uğradığını bilmək da önəmlidir. “Mobbing”ə uğrayanların əsas xüsusiyyətləri aşağıdakılardır;

- İşini çox yaxşı, hətta mükəmməl həyata keçirən;

- Münasibətləri müsbət və ətrafındakılar tərəfindən sevilən;

- İş prinsipləri və dəyərləri sağlam, bu mövzuda güzəştə getməyən;

- Dürüst və güvənilir, çalışdığı quruma sadiq;

- Müstəqil və yaradıcı;

- Zalımdan daha qabiliyyətli və üstün keyfiyyətlərə sahib olan.

İŞ YERİNDƏ PSİXOLOJİ TERROR

“Mobbing”in iş mühitində məruz qalınan, sözlə və ya əməllə göstərilən lağa qoyma, bilərəkdən və davamlı “qurban”ın əsəbləriylə oynayıb onu çılğın davranışlara sövq etmək, cəmiyyət içində alçaltma, məntiqi sərhədlərin çox üzərində işlətmək, ya da bilərəkdən və istəyərəkdən çıxdaş etmə kimi kateqoriyalarla həyata keçirildiyini görürük. Bəs bunun sərhədi və ya müddəti nədir? İstənilən şəxs hər iş yerində bir sıra hallarla üzləşə bilər və ya rəhbərindən gözləmədiyi mənfi reaksiyalar müşahidə edə bilər. Belə olan təqdirdə məntiqi sual yaranır ki, üzləşiləcək bütün mənfi durumlar psixoloji terrordurmu, bunların “Mobbing” olub-olmadığını necə anlamalı və ya təyin etməli?

İlk növbədə “Mobbing”in tanımı olaraq baş verən psixoloji şiddətin iş yerində, iş mühitində olması şərtdir; çünki bu hal iş psixologiyası və iş hüququ və intizamı sahəsinə girir. Bundan başqa, yuxarıda da qeyd etdiyimiz kimi, bəhs edilən psixoloji şiddətin sistemli və ən azı 6 ay ardıcıl davam etməsi gərəkir. Yəni bir neçə xoşagəlməz hadisə “Mobbing” demək deyildir. Yemək, kofe fasilələrinizin davamlı narahat edəcək şəkildə məhdudlaşdırılması, sizə “mobbing” tətbiq etdiyini düşündüyünüz rəhbərin və ya həmkarınızın bütün görüşmə və müzakirə tələblərinizə mənfi qarşılıq verməsi də “mobbing” üçün təyinedici nüanslardandır. Belə olan təqdirdə özünüzə doğru sualları yönəltməlisiniz ki, rəhbər gerçəkdən də yorğun olduğu üçünmü görüşləri təxirə salır, yoxsa bilərək və istəyərəkmi sizinlə ünsiyyət qurmur? İşdən çıxartma və ya maaş kəsilməsi kimi ultimatumlarla sizi daha artıq işləməyə məcbur etmək də “mobbing”in əlamətidir. Əgər iş yerində alçaldılır, şirkət miqyasında tədbirlərə dəvət edilmir və kənarda saxlanılırsınızsa, bunları da qeyd etməlisiniz. Başqa bölümlərin əməkdaşları sizə və tabeçilyinizdə olanlara qarşı düşməncəsinə və təhrik edici davranırsa, gördüyünüz bütün işlər əsassız yerə pislənirsə, “Mobbing” haqda düşünməyə əsasınız vardır. Təcrübə və qabiliyyətinizə görə edə biləcəklərinizin çox üzərində işlər verilirsə və niyə yerinə yetirə bilmədiyinizlə bağlı davamlı olaraq özünüzü bacarıqsız kimi hiss etdirilirsinizsə, yaxud da, bacarıq və qabiliyyətinizin çox altında işlər verilməklə motivasiyanız düşürülürsə, bu da “Mobbing” mövzusunda əhəmiyyətli maddələrdəndir.

Psixoloji terrora qarşı nə etməli?

Bəs psixoloji terrora qarşı nə etməli? Təşkilatları çöküşə belə sürükləyə biləcək bu təhlükəli tendensiyanın önünə necə keçməli? İlk növbədə rəhbərliyin bu cür hallara qarşı qoruyucu tədbirlər aldığını bəyan edərək, əməkdaşların əmniyyətdə olduğunu hiss etdirməsi yalnız mənəvi sağlamlığı qorumaq adına yox, iş məhsuldarlığını artırmaq istiqamətində də əhəmiyyətli addım sayıla bilər. Psixoloji terrora məruz qalan şəxsin iş yerində həmsöhbət olabiləcəyi insanlar tapa bilməsi də mühüm şərtdir. Bundan əlavə “Mobbing”ə uğrayan şəxsin aşağıdakı nəsihətləri diqqətə almaları olduqca faydalı olacaqdır.

Psixoloji hədə-qorxuya məruz qalan əməkdaş “Mobbing” tətbiq edən şəxsə təcavüzedici söz və hərəkətlərini dayandırmasını açıq şəkildə söyləməli, bu söhbəti edərkən də orada söhbətə şahidlik edəcək bir nəfərin də olmasını təmin etməlidir. Vəziyyət dəyişməzsə, işlədiyi müəssisənin rəhbər şəxslərini məsələdən xəbərdar edib, bu vəziyyəti müzakirəyə çıxarmalıdır. Ən əsası yaşadığı hadisələri, verilən mənasız əmr və tapşırıqları yazılı olaraq qeyd etmək vəziyyəti dəyişməyə yardım edə bilər. Məsələni gecikdirmədən İnsan Resursları və ya Həmkarlar İttifaqı rəhbərliyinə bildirmək zəruridir. Nəhayət, kömək olması, həm də dəlil yaratması baxımından gərəkirsə, tibbi və psixoloji yardam almaq lazımdır.

Mövzuya qanunlar prizmasından baxsaq, İsveç, Finlandiya və Norveç kimi ölkələrdə işçilərin iş mühitində fiziki və mənəvi baxımdan sağlam qalma haqqlarına əhəmiyyət verdiklərinin şahidi olarıq. İsveç, Norveç, Finlandiya və Almaniya hüquqi olaraq “mobbing”i tanımışdır. Bu ölkələrdə problemi çox gecikmədən və dərinləşmədən təsbit edə bilmək üçün müəssisə rəhbərinin iş mühitində nizamlı şəkildə nəzarəti təmin etməsi, mənfi bir durum ortaya çıxdıqda müdaxilə etməsi bir tələb kimi qoyulur. Əməkdaşın psixoloji terrora məruz qaldığı durumda rəhbərin reabilitasiya fəaliyyətlərindən məsul olması istiqamətində işlər görülməkdədir. ABŞ və bir çox Avropa ölkəsinin diqqətini çəkən bu mövzunun Azərbaycanda da üzərində ciddiyətlə durulması gərəkir.

Statistikaya görə iş həyatındakı insanların təxminən 40-80 faizi “Mobbing”ə məruz qalmaqdadır. Bu rəqəm İngiltərədə 48, Almaniyada 11 faiz təşkil edir. Hətta İsevçdə qeydə alınmış bütün intiharların 20 faizinin qaynağı “Mobbing” olaraq müəyyən edilmişdir. Yaponiyada isə şirkətlər işə başlamazdan əvvəl əməkdaşlara baş verə biləcək intihar hallarının nəticələrindən özlərini qorumağa çalışırlar. Türkiyədə özəl sektorda “Mobbing”ə uğramanın 90 faiz olduğu qeyd olunur. İsveçrədə bir “Mobbing” halının bir əməkdaşın illik maaşına bərbər olduğu təxmin edilməkdədir. İşgününün itirilməsi, işçi dövriyyəsinin sürətlənməsi və artması, “Mobbing”ə məruz qalan şəxsin yoldaşları arasında mənfi təsirləri təşkilat büdcəsi üzərində ağır bir yük meydana gətirir. Məsələnin ən maraqlı tərəfi burasındadır ki, sorğu keçirilən respondentlərin 70-80 faizi “Mobbing” halında tamaşaçı mövqeyində olduqlarını etiraf edib. Təəssüfedici haldır ki, insanların çoxu bir çox səbəblərdən seyriçi mövqeyində qalmağa üstünlük verməklə daha dərin problemlərə səssiz qaldığının fərqinə varmır. Önünə vaxtında keçilməyən “Mobbig” halları nəinki hansısa işçini, onunçalışdığı şirkəti belə ağır fəlakətə sürükləməklə bərabər cəmiyyətdə də ciddi fəsadlara səbəb ola biləcək bir problemdir. Ona görə də hesab edirəm ki, bəhs etdiyimiz mövzu heç də laqeyd qalınacaq bir mövzu deyildir. Xüsusilə yüksək ranqlı idarəedicilər, eləcə də sıravi əməkdaşlar bu mövzuya daha həssas yanaşmalı, müvafiq bölümlər hərəkətə gətirilməlidir. Şirkət içi məlumatlandırma, müəyyən fasilələrlə sorğular həyata keçirilməklə proses nəzarətdə saxlanmalı, bütün vasitələrlə “Mobbing” və onu tətbiq edənlərin qarşısı alınmalıdır.


Sərkərdə Sərxanoğlu

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab