Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Əlillərin problemləri üzrə kompleks proqramı
  • 3954

Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Bazar iqtisadiyyatına keçid dövründə respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər şəraitində əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirmək məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqram” təsdiq edilsin.

2. İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səhiyyə Nazirliyinə, Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Ticarət Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti idarə və təşkilatlara tapşırılsın ki, proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

Baş nazir S. Hüseynov

Bakı şəhəri, 10 may 1994-cü il

                   № 185

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks

P R O Q R A M

1. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların  sosial müdafiəsi sisteminin məqsəd və vəzifələri


Bazar münasibətlərinə keçid şəraitində respublikanın iqtisadi və sosial həyatında baş verən dəyişikliklərlə əlaqədar əhalinin, xüsusilə onun ən çox qayğı tələb edən təbəqəsi olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi mərkəzi və yerli dövlət idarəetmə orqanlarının qarşısında duran ən vacib məsələlərdən biridir.

“Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar bu sahədə müəyyən işlər görülsə də, istehsalın həcminin azalması, qiymətlərlə gəlirlər arasında tarazlığın pozulması və bir sıra digər obyektiv və subyektiv səbəblər üzündən respublikada yaşayan 240 min əlilin və sağlamlıq imkanları məhdud uşağın bir çox problemləri həll olunmamış qalır, yaşayış minimumu ilə minimum əmək haqqının səviyyəsi arasında olan fərqin artması nəticəsində bütün kateqoriyalardan olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların, əmək şikəstlərinin, ümumi xəstəlik nəticəsində əlil olan və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunan şəxslərin, hərbi əlillərin, karların və korların minimum həyat səviyyəsinin təmin olunmasında böyük çətinliklər mövcuddur.

Cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün təxirəsalınmadan etibarlı sosial təminatlar sistemi yaradılmalı, yaşayış minimumundan aşağı olmayan həyat səviyyəsini təmin etmək məqsədilə pensiya, müavinət, təqaüd və başqa sosial ödənişlərdən əlavə ictimai istehlak fondlarından imtiyazlı istifadə, pul gəlirlərinin indeksləşdirilməsi, müxtəlif növ dotasiyalar və güzəştli qiymətlərə satılan məhsullar hesabına əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi həyata keçirilməlidir.

Yerli idarəetmə orqanları sosial müdafiə sisteminin dövlət yardımı (pensiya, müavinət və sosial ödəmə şəkilində) əsasında əhalinin əmək qabiliyyəti olmayan və sosial cəhətdən zəif təmin olunan təbəqəsi olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsinin aşağı düşməsinə yol verilməməli, bu məqsədlər üçün sosial təminatları gücləndirməli, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların bacara biləcək əmək və əlavə gəlir əldə etmək hüquqlarını müdafiə etməlidirlər.

Mərkəzi və yerli hakimiyyət orqanları və əmək kollektivləri səviyyəsində təminatların inteqrasiyası, onların vahid sosial müdafiə sistemində birləşdirilməsi təmin olunmalıdır.

Respublika səviyyəsində dövlət orqanları tərəfindən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə sisteminin formalaşmasının ümumi prinsipləri müəyyənləşdirilməli, respublika üzrə hesablanmış yaşayış minimumu" əsasında sosial təminatların: əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin minimumu təyin olunmalıdır. Bu təminatlar respublikanın bütün ərazisində məcburi həyata keçirilməli, yerli hakimiyyət orqanları, müəssisə və təşkilatların əmək kollektivləri yerli şəraitləri və xüsusiyyətləri nəzərə almaqla əlillərin yaşayış səviyyəsini yüksəltmək üçün əlavə sosial yardım fondları yaratmaq istiqamətində məqsədyönlü iş aparmalıdırlar.

Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ən vacib sosial-məişət ehtiyaclarının ödənilməsində onların şəxsi gəlirlərinin rolu gücləndirməli, ictimai istehlak fondları ilk növbədə əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım edilməsinə yönəldilməlidir.

Sosial normativlər əsasında bu fondların hesabına göstəriləcək pulsuz yardımların və xidmətlərin təminatlı səviyyəsi müəyyənləşdirilməli, həmin fondların formalaşması və bölüşdürülməsi onların strukturlarında əsaslı dəyişikliklər etməyə və əhalinin əmək qabiliyyəti olmayan təbəqələrinin müdafiəsinə yönəldilən vəsaitlərin payının artmasına şərait yaratmalıdır.

Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi üçün çevik sistem yaradılmalı, bu sistem bazar münasibətləri şəraitində sosial-iqtisadi proseslərin inkişaf dinamikasını nəzərə alınmalı, sosial gərginliyin yaranmasının mümkün ola biləcək səbəblərinin profilaktikasını təmin etməli, sosial sahədə baş verə biləcək mənfi hallar və təzahürləri qabaqlamalıdır.

Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini təmin etmək üçün yerli proqramların işlənib həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yerli proqramların həyata keçirilməsində müxtəlif sosial yardım fondlarından əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün ərzaq və qeyri-ərzaq mallarına imtiyazlar (pulsuz və yaxud güzəştlə), talonlar tətbiq edilməsindən; onların dərmana, mənzilə, kommunal xidmətlərinə, məktəbəqədər təhsil müəssisələrindən istifadə etməyə görə verilən haqdan bütünlüklə və ya qismən azad olunmasından; tənha əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün xeyriyyə yeməkxanaları qovşağının təşkilindən; onlara mənzil sahəsi alınmasına və fərdi tikinti üçün güzəştli kredit və borcların verilməsindən; şəxsi yardımçı və ya kəndli (fermer) təsərrüfatının yaradılması üçün torpaq sahələrinin ayrılmasından geniş istifadə olunmalıdır.

Bu sahələrdə tədbirlərin işlənib hazırlanması üçün yerli idarəetmə orqanlarının tərkibində müvafiq bölmələrin yaradılması, müəssisə, idarə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işində əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətlərinin fəaliyyətinin canlandırılması məqsədəuyğun məsələlərlə həll olunmalıdır. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin təmin edilməsi yolunda rayon və şəhərlərdə sosial proqramlar fondunun yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu fondlarda dövlət büdcəsinin vəsaitləri, yerli müəssisə, təşkilat və kooperativlərin ayırmaları, borc və kreditlər üçün alınan faiz haqqları, ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların xeyriyyə məqsədilə aldıqları pul vəsaitləri toplana bilər.


2. Əlillərin işə düzəldilməsi və onların əməyindən istifadə edilməsi

Əlillərin sosial müdafiəsinin təşkili işində onların işə düzəldilməsi və əməyindən istifadə üçün müvafiq şərait yaradılması əsas istiqamətlərdən biri olmalıdır.

Yerli idarəetmə orqanları, əlillərin ictimai təşkilatları ərazilərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda münasib boş iş yerlərini müəyyənləşdirməli, əlillərin birinci növbədə işə düzəldilməsini təmin etməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar üçün kvota ilə müəyyən edilmiş iş yerlərinə həkim-əmək ekspert komissiyasının rəyinə əsasən əlillərin göndərilməsini təmin etməli, müvafiq nazirliklər, baş idarələr, konsernlər, əlillərin ictimai təşkilatları ilə birlikdə Azərbaycan Respublikasında Əhalinin Məşğulluğu haqqında Qanunun tələblərinə müvafiq olaraq ərazi və respublika məşğulluq proqramlarında əlillərin işləməsi üçün xüsusi müəssisə, sex, sahə və iş yerləri yaradılmasını nəzərdə tutmalıdırlar.

Yeni istifadəyə verilən müəssisələr və sexlərdə əlillərin əmək qabiliyyətlərinə uyğun olaraq iş yerləri müəyyənləşdirilməli, onlar işə qəbul edildikdən sonra əhalinin digər təbəqələrinin işə götürülməsinə başlanmalıdır. Nazirliklər və idarələr ictimai bina və qurğuların, eləcə də əlillərin işləməsi üçün nəzərdə tutulan binaların layihələşdirilməsində, həmçinin tikilməkdə və istifadədə olan binalarda, əlillərin bu binalara rahat daxil ola bilmələri və otaqlardan istifadə etmələri üçün əlillərin ictimai təşkilatları ilə razılaşdırılmış xüsusi qurğuların tətbiqini təmin etməlidirlər.


3. Əlillərin reabilitasiyası və sağlamlığının möhkəmləndirilməsi

Yerli idarəetmə orqanları və müvafiq nazirlik, baş idarələr əlillərin bərpa müalicəsini təşkil etmək və baş verəcək xəstəliklərin qarşısını almaq məqsədilə sənaye müəssisələrinin, kolxoz və sovxozların, əmək kollektivlərinin razılığı ilə mövcud binaların hesabına sağlamlıq mərkəzləri və bədən tərbiyəsi-sağlamlıq kompleksləri yaratmalıdırlar.

Əlillərin ailəvi istirahəti üçün pansionatlar, istirahət evləri və digər sağlamlıq müəssisələri şəbəkəsinin genişləndirilməsi təşkil edilməlidir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müvafiq nazirlik, baş idarə və yerli idarəetmə orqanları ilə birlikdə respublikanın regionları və ən mühüm xalq təsərrüfatı sahələri üzrə ilkin əlilliyin strukturunu və əlillərin tibbi sosial reabilitasiyasının vəziyyətini dərindən təhlil etməlidir.

Əlilliyin profilaktikası və əmək qabiliyyətinin bərpa edilməsi sahəsində görüləsi işlər aşağıdakıları əhatə etməlidir:

tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdırılması;

sənaye və kənd təsərrüfatında əmək şəraitinin yaxşılaşdırılması;

ətraf mühitin mühafizəsi, ekoloji təmizliyin qorunması;

ana və uşaqların mühafizəsi;

sağlam həyət tərzinin geniş tətbiqi;

yol-nəqliyyathadisələrinin qarşısının alınması və bu məqsədlə bütün növ nəqliyyat vasitələri sürücülərinin hazırlıq kurslarının işinin əsaslı şəkildə yaxşılaşdırılması və yol örtüyünün qaydaya salınması;

uşaq travmatizminə qarşı mübarizə;

əhali arasında baş verə biləcək təbii fəlakətlərdən (zəlzələ, tufan, daşqın və s.) qorunmaq üçün lazımı təlim keçirilməsi;

şəhər və rayon kommunal təsərrüfat xidmətinin lazımi texnika və nəqliyyatla (qar təmizləyən, qum səpən və s. maşınlar) təmin olunması.

Yerli idarəetmə orqanları aidiyyəti səhiyyə müəssisələri ilə birlikdə yaşayış yerlərində əmək qabiliyyəti olmayan vətəndaşlara həkimlərin və tibb bacılarının müntəzəm nəzarətini təmin etməlidirlər. Tibb tədris müəssisələrinin şagirdlərinin tələbələrin vətəndaşlara evlərdə tibbi-sosial yardım göstərməyə cəlb olunmaları diqqətəlayiqdir. Əlillərə yardım edilməsi üçün sahə xəstəxanalarından istifadə edilməli, əlillər üçün internat evlər ixtisaslı tibb kadrları ilə komplektləşdirilməlidir.

Əlillərə sağlamlıq ocaqlarına göndərişlərin verilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir.


4. Əlillərin təhsilə cəlb edilməsi məsələləri

Bütün kateqoriyalardan olan əlillərin məşğulluğunu təmin etmək üçün onlar ilk növbədə təhsil sisteminə cəlb olunmalıdırlar. Əlillərin kateqoriyalardan asılı olaraq təhsilin müxtəlif formaları təşkil edilməli, fiziki cəhətdən zəif inkişaf etmiş, ruhi əsəb xəstəliklərinə tutulmuş, lal, kar və kor uşaqlar üçün mövcud xüsusi məktəblərin maddi-texniki bazası möhkəmləndirilməli, əmək əlilləri üçün ixtisasartırma kursları təşkil olunmalıdır. Bu kateqoriyadan olan əlillərin təhsili ilə bağlı bütün məsələlər dövlət səviyyəsində həll edilməli və onların maliyyələşdirilməsi dövlət hesabına həyata keçirilməlidir.


5. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər


Tədbirlər
İcra müddəti
Məsul idarə və təşkilatlar




5.1. Əmək məşğulluğunun təmin edilməsi




Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların aktiv məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq istehsal müəssisələrində əlil işçilərin kvotasının müəyyən edilməsi
daimi
Yerli icra hakimiyyəti orqanları,
Əlillər cəmiyyətləri,
Həmkarlar ittifaqları
Müəssisələrdə işçilərin və ya ştatın ixtisarı vaxtı bütün kateqoriyalardan olan əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara öz peşələri üzrə işdə qalmaq hüququ, müəssisə fəaliyyətini dayandırdıqda və ya ləğv etdikdə əlillərin işə düzəlməsinə üstünlük verilməsi
daimi
Nazirliklər, komitələr, şirkətlər, konsernlər, baş idarələr, müəssisə və təşkilatlar *
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların fərdi əmək fəaliyyətinə cəlb edilməsinin genişləndirilməsi
daimi
Müəssisə və təşkilatlar,
Yerli icra hakimiyyəti orqanları, Respublika Baş Məşğulluq İdarəsi
İşçilərin sayının 30 faizdən çoxu əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar olan müəssisələrin xammalda təchizatının ilk növbədə və tam həcmdə təmin edilməsi
daimi
İqtisadiyyat Nazirliyi, Material Ehtiyatları Nazirliyi, ”Xalq üçün mallar” Dövlət Konserni və digər təchizat təşkilatları
Müəssisələrin sərbəst vəsaitinin kollektivlərin razılığı ilə ilk növbədə əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların işlə təmin olunacaqları yeni sexlərin tikilməsinə, mövcud istehsalatların yenidən qurulmasına sərf edilməsi
daimi
Müəssisə və təşkilatlar
Gözdən əlil və ya sağlamlıq imkanları məhdud uşaq məktəbyaşlı uşaqların uçotunun dəqiqləşdirilməsi ehtiyac olduğu hallarda onlara Brayl yazı sisteminin öyrədilməsi və xüsusi təhsil müəssisələrində təlimə cəlb edilməsi üzrə təşkilatı tədbirlərin görülməsi
1994-1995-ci tədris ilindən başlayaraq
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
Xüsusi musiqi təhsili olan I və II qrup gözdən əlil və ya sağlamlıq imkanları məhdud uşaq vətəndaşların müxtəlif klub və mədəniyyət evlərində müvafiq işlə təmin edilməsi
1994-cü ildən başlayaraq
Mədəniyyət Nazirliyi
Azərbaycan Korlar Cəmiyyətinin massaj məktəbini bitirmiş I və II qrup gözdən əlil və ya sağlamlıq imkanları məhdud uşaq gənclərin müvafiq səhiyyə müəssisələrində işlə təmin edilməsi
daimi
Səhiyyə Nazirliyi
Gəncə, Qazax, Mingəçevir, Naxçıvan, Salyan Şəki, Lənkəran və s. şəhərlərdə mərkəzi kitabxanaların nəzdində kor oxucular üçün şöbələr təşkil edilməsi, bu şöbələr üçün korlar əlifbası ilə yazılmış və səsli kitablar alınması üçün lazımi vəsait ayrılması
II-III rüb
1994-cü il
Mədəniyyət Nazirliyi,
Təhsil Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları,
Maliyyə Nazirliyi
Azərbaycan Korlar və Karlar cəmiyyətlərinin müəssisələrində əlillərin işlə daimi təmin edilməsi üçün Rusiyadan Baltikyanı və digər
ölkələrdən “A”, “B”, “Q” tipli karton, perfokart, dəmir qapaqların hazırlanması üçün rezin halqalar, polistirol, süni saplar (kapron, elastik), tikiş sapları, müxtəlif markalı dəmir və məftillər və s. kimi xammal və materialların alınması üçün valyuta ayrılması
1994-cü il
İqtisadiyyat Nazirliyi,
Maliyyə Nazirliyi,
Respublika Milli Bankı,
Səhmdar Kommersiya Sənaye-İnvestisiya Bankı
5.2. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi




Minimum əmək haqqının yeni səviyyəsi müəyyən edilərkən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların pensiyalarının ona uyğunlaşdırılmasının təmin edilməsi
daimi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Əhalinin pul gəlirləri indeksləşdirildikdə əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların pensiyalarının indeksləşdirilməsini, pensiyaların artırıldığı halda əlillərin pensiyalarının yenidən hesablanmasının vaxtında həyata keçirilməsi
daimi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil və ya sağlamlıq imkanları məhdud uşaq olanlar, müharibə əlilləri və ya sağlamlıq imkanları məhdud uşaqlar, Çernobıl əlilləri və ya sağlamlıq imkanları məhdud uşaqlar , Əfqanıstanda xidmətlə əlaqədar əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün diş protezlərinin (qiymətli metallardan hazırlanan protezlər istisna edilməklə) pulsuz hazırlanması və pulsuz təmir olunması
daimi
Səhiyyə Nazirliyi
Müvəqqəti əmək qabiliyyətini itirmiş işləyən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların xəstəlik vərəqələri üzrə günlərin ümumi iş stajından asılı olmayaraq orta aylıq əmək haqqının 1,5 misli həcmində ödənilməsi

daimi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Müəssisə və təşkilatlar
Bütün kateqoriyalardan olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqlarınyaşadıqları Dövlət mənzil fonduna məxsus mənzillərin onların şəxsi mülkiyyətinə növbədənkənar, pulsuz (əvəzi ödənilmədən) verilməsi
daimi
Yerli icra hakimiyyəti orqanları,
Müəssisə və təşkilatlar
“Əlillərin Sosial Müdafiəsi haqqında” Qanuna müvafiq olaraq, rabitə xidməti sahəsində nəzərdə tutulmuş güzəştlərə sözsüz əməl olunmasının təmin edilməsi
daimi
Rabitə Nazirliyi
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların mənzil-tikinti kooperativlərinə, kollektiv qarajların və nəqliyyat vasitələri üçün dayanacaqların tikilməsi, istismarı və onlara texniki xidmət üzrə kooperativlərə, bağçılıq yoldaşlıqlarına ilk növbədə qəbul olunmasının, hazır bağ evləri və ya onları tikmək üçün materiallarla təchizatının təşkil olunması
daimi
Yerli icra hakimiyyəti orqanları,
Material Ehtiyatları Nazirliyi,
“Azərtikintimaterialsənaye”
Dövlət Konserni
Bütün kateqoriyalardan olan əlilləri və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün fərdi mənzil tikintisinə növbədənkənar torpaq və bağ sahələri ayrılması
1994-cü ildən başlayaraq
Yerli icra hakimiyyəti orqanları
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların dövlət fərdi avtomobil
dayanacaqlarından pulsuz istifadə
daimi
Yerli icra hakimiyyəti orqanları
Xüsusi məktəblərdə təhsil alan eşitmə və görmə qabiliyyəti qüsurlu, dayaq-hərəkət funksiyaları pozulmuş uşaqlara dövlət hesabına fərdi eşitmə aparatları, eynəklər, müvafiq hərəkət vasitələrinin verilməsi və protezlərin düzəlməsinin təmin edilməsi
daimi
Yerli icra hakimiyyəti orqanları,
Ticarət Nazirliyi
Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş xüsusi mağazaların az tapılan ərzaq (yağ, ət, süd, düyü, kartof, soğan çay, meyvə, şəkər və tozu, yumurta) və sənaye (mebel, uşaq, qadın, kişi paltarları ayaqqabı) malları ilə təchiz olunmasının yaxşılaşdırılması
daimi
Yerli icra hakimiyyəti orqanları,
Ticarət Nazirliyi
Qocalar və ruhi əsəb internat evlərin lazımi dərman preparatları ilə təmin edilməsi
daimi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
İşləyən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların həyatının bədbəxt hadisələrdən sığortasının idarə, müəssisə və təşkilatların xüsusi vəsaiti hesabına ödənilməsi
daimi
Müəssisə və təşkilatlar
5.3. Əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara əlavə sosial yardım göstərilməsi




Kar əlillərin asudə vaxtlarının səmərəli və yüksək səviyyədə təşkil edilməsi məqsədilə Azərbaycan Karlar Cəmiyyətinin idarələrinin müvafiq mədəniyyət evlərinə, stadionlara və idman meydançalarına və qurğularına, istirahət ocaqlarına təhkim edilməsi, bu obyektlərin lazımı texniki-surdoloji avadanlıqlarla təchiz olunması
II-III rüb 1994-cü il
Mədəniyyət və Turizm Nazirliyi,
Dövlət Bədən Tərbiyəsi və
İdman Komitəsi,
Yerli icra hakimiyyəti orqanları
Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlara evlərinə və pansionatlara, xüsusi uşaq internatlarına, respublikanın mədəniyyət və incəsənət müəssisələri, uşaq musiqi və incəsənət məktəblərinin təhkim olunması, hamiliyə götürülmüş sosial-səhiyyə ocaqlarında müntəzəm olaraq bayramlar, konsert və tamaşalar, görüşlər, söhbətlər, muzey, şəkil qalereyaları və kitabxana fondlarından səyyar sərgilər, habelə xeyriyyə tədbirlərinin həyata keçirilməsi
daimi
Mədəniyyət və Turizm Nazirliyi
Kar əlillərin öz vəsaitləri hesabına payçılıq yolu ilə tikdikləri 1356 kv.m yaşayış evlərinin, bölgü ilə Karlar Cəmiyyətinə ayrılmış və qanunsuz zəbt olunmuş 18 mənzilin Azərbaycan Karlar Cəmiyyətinə qaytarılması
1994-cü il
Bakı şəhəri İcra Hakimiyyəti
Azərbaycan Karlar Cəmiyyətinin idarəetmə aparatının yerləşdirilməsi üçün münasib bina ayrılması
1994-cü il
Bakı şəhəri İcra Hakimiyyəti
1990-1991-ci illərdə Korlar Cəmiyyəti üçün payçılıq yolu ilə tikilən 1713 kv.m mənzil sahəsinin cəmiyyətə verilməsi məlum hadisələr zamanı boşalmış, cəmiyyətə məxsus 44 erməni mənzillərinin gözdən şikəst əlillərə paylanması üçün Azərbaycan Korlar Cəmiyyətinə qaytarılması, Bakı şəhər İcra hakimiyyətinin 28.10.92-ci il tarixli 1747 nömrəli sərəncamı ilə cəmiyyətə ayrılmış sahədə 6 bloklu 9 mərtəbəli yaşayış binasının tikintisinin təmin olunması
1994-cü il
Bakı şəhəri İcra Hakimiyyəti
Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar, Korlar və Karlar cəmiyyətlərinin mərkəzi idarələrinin və onların rayonlarındakı idarələrinin nəzdindəki alqı-satqı kommersiya, istehsal və digər xarakterli müəssisələrin yaradılması və bu məqsədlər üçün bina, torpaq sahəsi, texniki avadanlıqlar, maliyyə yardımı və faizsiz kredit ayrılması
1994-cü ildən başlayaraq
Yerli icra hakimiyyəti orqanları,
Sənaye-İnvestisiya və Aqrar-Sənaye Səhmdar Kommersiya bankları
Korlar Cəmiyyətinin 1980-cı ildə Zabrat qəsəbəsində tikintisi başlamış istehsalat məişət kompleksinin hazırlayıcı-ştamplama sexinin və yataqxanasının tikintisinin başa çatdırılması
1994-1995-ci illər
“Azərsənayetikinti”
Dövlət Şirkəti
1990-1991-ci illərdə Karlar Cəmiyyəti üçün Zərdabi küçəsi 2591 kvartalındakı tikintisi başlamış yaşayış binasının və 3593 kvartalındakı mədəniyyət evinin tikintisinin başa çatdırılması
1994-1995-ci illər
Bakı şəhər İcra hakimiyyəti
Dayaq-hərəkət funksiyaları pozulmuş əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqlarınümumi istifadədə olan obyektlərdən (idman qurğuları, ictimai binalar, səhiyyə, mədəni-kütləvi və istirahət ocaqları, aeroport, dəmir yolu vağzalı, dəniz limanı və s.) maneəsiz istifadə etmələri üçün şərait yaradılması
daimi
Müəssisə və təşkilatlar
Yerli icra hakimiyyəti orqanları
Şəhər nəqliyyatında dayaq hərəkət funksiyaları pozulmuş və eləcə də velo-araba ilə hərəkət edən əlillər və  ya sağlamlıq imkanları məhdud uşaqlar üçün dayanacaqların, xüsusi qrafiklə hərəkət edən uyğunlaşdırılmış avtobus marşrutlarının təşkil edilməsi
daimi
Yerli icra hakimiyyəti orqanları
Protez ortopedik bərpaetmə mərkəzinin tikintisinin başa çatdırılması
1994-cü ilin
I yarımilliyi
“Azərsənayetikinti”
Dövlət Şirkəti
Araba ilə hərəkət edən əlillər üçün münasib hündürlükdə telefon avtomatlarının quraşdırılması
II-III rüb 1994-cü il
Rabitə Nazirliyi
Əlillər üçün xüsusi apteklərin,
yanacaqdoldurma stansiyalarında ayrıca bölmələrin təşkil edilməsi
1994-cü il
Səhiyyə Nazirliyi,
Dövlət Yanacaq Komitəsi
Əl ilə idarə edilən avtonəqliyyat üçün xüsusi dayanacaqların yaradılması, onlara xidmət üçün texniki stansiyaların təşkili
1994-cü il
Dövlət Yol Polisi,
Yerli icra hakimiyyəti orqanları,
AvtoVAZ
İntensiv küçə hərəkəti zonalarında korlar üçün səsli svetafor siqnallarının və bu yollarda sürücülərin diqqətli olması üçün əlavə yol işarələrinin qoyulması
1994-cü il
Dövlət Yol Polisi
Dayaq-hərəkət funksiyaları pozulmuş əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara onların mənzillərində məişət xidmətinin təşkil edilməsi (bərbər, dərzi və s.)
daimi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
“Xidmət” Konserni
5.4. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların  gəlirlərinin müntəzəm artmasının təmin edilməsi




İşçilərinin sayının 30 faizdən çoxunu əlillər təşkil edən müəssisələrin məhsulların idxal və ixracı zamanı gömrük xərclərindən azad edilmələri və xaricə çıxış formalarının sadələşdirilməsi məsələlərinə baxılıb müvafiq təkliflərin hazırlanması və aidiyyəti orqanlar qarşısında məsələ qaldırılması
1994-cü il
Korlar, Karlar, Əlillər Cəmiyyətləri,
Gömrük Komitəsi, müəssisə
Korlar, Karlar və Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar  cəmiyyətlərinin üzvlərinin bütün muzeylərə pulsuz girişinin təmin edilməsi
daimi
Mədəniyyət və Turizm Nazirliyi
Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən III qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi

1994-cü ildən başlayaraq
Müəssisə və təşkilatlar
5.5. İdman və səhiyyə




Bütün kateqoriyalardan olan əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün müalicə-profilaktika müəssisələrinin və apteklərin xidmətindən növbədənkənar istifadənin təmin edilməsi
1994-cü ildən başlayaraq daimi
Səhiyyə Nazirliyi
Bütün kateqoriyalardan olan əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün pensiyaya çıxdıqda ya iş yerinin dəyişdirdikdə əvvəllər təhkim olunduqları poliklinikaların xidmətindən istifadə etmək hüquqlarının saxlanılması
daimi
Səhiyyə Nazirliyi
Əlillik və onun qarşısının alınmasında irsi xəstəliklərlə mübarizə tədbirlərinin gücləndirilməsi, xüsusi bərpa proqramının hazırlanması
daimi
Səhiyyə Nazirliyi
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların kütləvi erkən diaqnostikasının aparılması, xüsusi bərpa proqramı üzrə müalicənin təşkili
daimi
Səhiyyə Nazirliyi
Bütün kateqoriyalardan olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların müvafiq reabilitasiya vasitələri ilə təmin edilməsi
daimi
Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Bakı şəhərində vaxtı ilə bağlanmış surdoloji mərkəzin bərpası və respublikanın digər iri şəhərlərində belə mərkəzlərin açılması, bu mərkəzlərdə işləmək üçün karların mimikasını bilən xüsusi həkim və kiçik tibb personallarının hazırlanması
1994-cü il
Səhiyyə Nazirliyi
Zərərli əmək amillərinin təsirini azaltmaq məqsədilə sənaye müəssisələrində psixoloji gərginliyi azaltma otaqlarının, idman meydançalarının yaradılması, idman qurğuları, üzgüçülük hovuzları, sanatoriya- profilaktori-yalar və istirahət evləri, habelə sahələrarası sağlamlıq müəssisələrinin təşkili
1994-cü ildən başlayaraq
Müəssisə və təşkilatlar,
Yerli icra hakimiyyəti orqanları
Müəssisə və təşkilatlarda, tədris müəssisələrin-də əmək və təlim şəraitinin sanitariya qayda və normalarına, təhlükəsizlik texnikası tələblərinə uyğunlaşdırılması, ağır fiziki əməklə məşğul olan fəhlələrin (xüsusilə, qadınların) sayının və əlverişsiz istehsal amilləri olan iş yerlərinin azaldılması tədbirlərinin hazırlanması və həyata keçirilməsi
1994-cü ildən başlayaraq
Müəssisə və təşkilatlar
Karlar arasında keçirilən ümumdünya, Avropa yarışlarında kar və zəif eşidən Azərbaycan idmançılarının iştirakının və bu məqsədlə onların xüsusi idman bazalarında hazırlanma-sının, habelə nəqliyyat, ezamiyyə və hazırlıq xərclərinin ödənilməsinin təmin edilməsi
daimi
Gənclər və İdman Nazirliyi, Karlar Cəmiyyəti
5.6. Təhsil




Əqli və fiziki inkişafında qüsurlar olan məktəbəqədər və məktəbyaşlı uşaqların aşkara çıxarılması, diaqnostikası, təhsil və müalicə müəssisələrinə göndərilməsi işinin təşkili, valideynlərə məsləhət və tövsiyələr verilməsi, köməklik göstərilməsi məqsədilə tibbi-pedaqoji-psixoloji məsləhətxanaların (TPPM) yaradılması
daimi
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Maliyyə Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
Əqli və ya fiziki cəhətdən qüsurlu uşaq və yeniyetmələrin peşə hazırlığını təşkil etmək məqsədilə onların oxuduqları xüsusi təhsil müəssisələrində lazımi maddi-tədris bazasının yaradılması, belə müəssisələrin xammal və zəruri avadanlıqlarla, kadrlarla təmin edilməsi, məqsədəuyğun sayılan hallarla peşəməktəblərində həmin uşaqlardan ibarət qrupların təşkil olunması
1994-cü ildən başlayaraq
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yerli icra hakimiyyəti orqanları
Fiziki inkişafı qüsurlu uşaqlar üçün məktəblərin maddi-texniki bazasının möhkəmləndiril-məsi və bu məktəblər üçün pedaqoji kadrların hazırlanması

daimi
Təhsil Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
2-8 yaşlı anadangəlmə kar və zəif eşidən uşaqların öz valideynləri ilə təmasda olmaq şərti ilə tərbiyə olunması, eşitmə üzvlərinin bərpası, məktəbə hazırlıq məqsədi ilə respublikanın bütün rayonlarında mövcud uşaq bağçalarının nəzdində belə uşaqlar üçün xüsusi qrupların açılması, onların lazımi surdoloji avadanlıqlar və surdo-pedaqoqlarla təmin olunması

1994-cü il
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
Əqli və ya fiziki inkişafca qüsurlu uşaqların sayı nəzərə alınmaqla, imkan və şərait olan bölgələrdə, xüsusi məktəb və internat məktəb-lərin açılması barədə təkliflərin hazırlanıb respublika hökumətinə təqdim edilməsi
1994-1995-ci tədris ili
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
Kar və zəif eşidən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların respublikanın orta ixtisas və ali təhsil məktəblərində təhsil alması üçün lazımi şərait yaradılması və həmin əlillərin Kiyevdə, Moskvada və Sankt-Peterburqda təhsil almaları üçün lazımi maliyyə vəsaiti ayrılması
1994-1995-ci tədris ilindən
başlayaraq daimi
Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi
Görməyən və zəif görən məktəbyaşlı uşaqların valideynlərinin arzusu nəzərə alınmaqla onların evdə fərdi təhsil alması üçün lazımi şərait yaradılması, bu qəbildən olan uşaqların kitab, dəftər və başqa dərs vəsaitlərilə təmin edilməsi, kor uşaqlar üçün respublika internat məktəblərinin 9-cu sinfini müvəffəqiyyətlə bitirmiş gənclərin normal şagirdlər üçün nəzərdə tutulmuş məktəblərdə, litseylərdə, kolleclərdə və s. təhsil almasının təşkil edilməsi
1994-1995-ci tədris ilindən
başlayaraq
Təhsil Nazirliyi
Yüksək ixtisaslı təcrübəli-daktiloloqların hazırlanması məqsədi ilə Azərbaycan Karlar Cəmiyyətinin nəzdində daimi fəaliyyət göstərən qısa müddətli kurslar açılması və bu kurslarda dərs demək üçün pedaqoji kadrların dəvət olunması məqsədilə maliyyə vəsaitinin ayrılması
1994-1995-ci tədris ili
Təhsil Nazirliyi,
Karlar Cəmiyyəti,
Maliyyə Nazirliyi
Kar, kor, zəif görən uşaqlar üçün xüsusi dərsliklərin və dərs vəsaitlərinin vaxtlı-vaxtında çap edilməsi
daimi
Mətbuat və İnformasiya Nazirliyi,
Maliyyə Nazirliyi
Əlil uşaqların evdə tədrisi üzrə 219 №-li orta məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu cür məktəblərin sayının artırılması
1994-cü il
Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi


          Mənbə : http://e-qanun.az/framework/14652



Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab