Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
İş müsahibələrində hansı sualları vermək olmaz ?
  • 3768

İş müsahibələri, işəgötürən və namizədin qarşılıqlı olaraq bir-birlərinə uyğun olub olmadıqlarını müəyyən etmək üçün əla fürsətdir. İşəgötürən namizədin nəzərdə tutulan vəzifə üçün tələb olunan bacarıqlara və hansı şəxsi keyfiyyətlərə malik olduğunu dəyərləndirir, namizəd isə müsahibənın həyata keçirilmə tərzindən şikətdaxili korporativ və biznes mədəniyyətinin hansı səviyyədə olduğunu qiymətləndirir. Günümüzdə namizədlər iş müsahibələrinin bir çoxunun qeyri-peşəkar keçirildiyindən, İşəgötürənlər isə namizədlərin bilik və bacarıqlarının yetərincə olmadığından şikayətçidirlər. İş müsahibələrinin qeyri-peşəkar “eyçar”lar tərəfindən aparılması bir sra sosial şəbəkələrdə əsas müzakirə mövzusudur.

Beynəlxalq təcrübədə müsahibələrdə ayrı-seçklik (diskriminasiya) yaratdığı irəli sürülən və verilməsi qəti qadağan olunan bəzi suallar var. Müsahibə zamanı qarşı tərəfi rahat hiss etdirmək üçün “dostcasına”suallar verərək, səmimi görünmək istədiyimiz yerdə, özümüz də bilmədən artıq suallar verməklə onu çətin vəziyyətdə qoya bilərik. Hətta Böyük Britaniyada bu tip suallara görə işəgötürənlər məsuliyyətə belə cəlb oluna bilərlər.

Müsahibə zamanı hansı sualların verilib verilməsini araşdırmazdan əvvəl, AR ƏM-nin 16-cı maddəsinə nəzər salaq:

Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.
Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.
2. Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
3. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.
4. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

Sadə bir şəkildə sualları müxtəlif yollarla verməklə, namizəd haqqında bilmək istədiyimiz məlumatları onların şəxsi həyatlarına müdaxilə etmədən də öyrənə bilərik.

“Haralısınız?”, “Milliyyətiniz nədir?” tipli suallar iş müsahibələrində yersizdir. Eləcə də, “Dindarsınızmı?” və ya hansı dindən olduğunu aydınlaşdırmaq xarakterli suallar verməyin. Təbii ki, hansısa bir dövlət qeydiyyatından keçmiş dini quruma işçi götürürsünüzsə, bu başqa məsələ. Amma Şirkətə işçi götürürsünüzsə, bu suallar yersiz və artıqdır.

Namizədlərə “Rus və ya ingiliscə bilirsinizmi?” sualını vermək də artıqdır. Birincisi, biz dövlət dili Azərbaycan dili olan bir ölkədə yaşayırıq. Ikincisi, işçilərin potensialı onların dil bilikləri ilə ölçülmür. Əgər nəzərdə tutduğumuz vakansiya müxtəlif dil biliklərini tələb edirsə, o halda bunu birbaşa tələb şəklində qoymaqdansa, “Sizə təklif etdiyimiz vəzifədə ingilis dilində (və ya başqa bir dildə) yazışmalar tələb olunur. Siz bunun öhdəsindən gələ biləcəksinizmi?” şəklində qoymaq daha çox yerinə düşər. Tanıdığım bir çox insanlar var ki, öz sahəsinə aid yazışmaların çox gözəl öhdəsindən gəlir və terminalogiyanı da mükəmməl bilirlər. Dəfələrlə də şahidi olmuşam ki, mükəmməl ingilis dilini bilən şəxslər konkret sahəyə aid materialları tərcümə edə bilmirlər.

Müxtəlif mühitlərdə qarşılaşdığımız insanlarla ailə və ya uşaqlar haqqında danışıb söhbəti qızışdıra bilərik, lakin bu suallar müsahibə üçün uyğun deyil. Həmçinin “Ailəsinizmi?”, “Ailə qurmağı planlaşdırısınızmı?”, “Nə üçün boşanmısınız?” şəklində suallar vermək də düzgün deyil. Boşanma prosesi bəzi insanlar üçün çox ağrılı bir proses ola bilər və düşünürəm ki, kiminsə yersiz marağını təmin etmək üçün həmin şəxs bu prosesi təkrar xatırlamağa məcbur deyil.

Bəzi işəgötürənlər elə düşünür ki, guya ailəli insanların iş buraxma halları çox olur. Subay olanlar isə tamamilə özlərini işə həsr edirlər. Bu da yanlış yanaşmadır. Məsuliyyət ailə statusundan yox, daxildən qaynaqlanan bir hissdir. Əgər nəzərdə tutulan vəzifə ezamiyyətlərə getməyi, iş saatlarından artıq işləməyi tələb edirsə, onda ailə və uşaqlara aid suallar yox, “Lazım olarsa, iş saatlarından əlavə qalmaq və ya istirahət, bayram günləri işləmək imkanınız varmı? Bu sizə problem olmaz ki?” və ya “Ezamiyyətlərə gedə bilərsinizmi?” tiplu suallar verin.

Bir namizədin yaşına və ya cinsinə yönəlmiş hər hansı bir sualdan qaçmaq lazımdır. Əlbəttə ki, hər bir namizəd tələb olunan vəzifə öhdəliklərini həll etmək qabiliyyətinə malik olmalıdır, lakin qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, onların cinsi və ya yaşı maneə olaraq görülməməlidir.

Namizədin yaşadığı yer, iş və ev arasındakı məsafə də bəzən İşəgötürənləri narahat edir. İntizamlı olmaq məsələsi, yuxarıda qeyd etdiyim kimi, yenə də şəxsin daxili məsuliyyət hissindən irəli gəlir. Namizədin işə yaxın məsafədə yaşaması onun heç də işə gecikməyəcəyinə dəlalət etmir. Ona görə də “Harada yaşayırsınız?” sualının yerinə “İş saat 8.00-da başlayır. Bu saatda işdə ola biləcəksinizmi?” sualını vermək daha məqsədə uyğundur.

Müsahibələrdə namizədin sağlamlığı ilə bağlı suallara da çox həssas yanaşılmalıdır. AR ƏM-nə görə, qanunvericiliyin tələblərinə əməl etmək şərti ilə, immun çatışmazlığı sindromu ilə yaşayan və dağınıq skleroz xəstəliyi olan şəxslərə əmək müqaviləsi bağlamaqdan, onları vəzifədə irəli çəkməkdən imtina etmək, həmçinin əmək müqaviləsinə xitam vermək yolverilməzdir.

Namizədlərlə müsahibə zamanı şəxsi həyat seçimləri, alkoqol, spirtli içki qəbulu, siqaret çəkib-çəkmədikləri haqqında sualların verilməsi doğru deyildir. Hər bir şirkətin daxili nizam-intizam qaydaları vardır. Eləcə də AR ƏM-nin 72-ci maddəsinə görə, alkoqollu işkilər, narkotik vasitələr və s. qəbul edərək sərxoş vəziyyətdə işə gəlmək, habelə iş yerində həmin işkiləri və ya maddələri qəbul etmək əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşəgötürən, iş yerində peşəkar davranış və siqaret çəkmək üçün qaydalar təyin edə bilər və işçi də həmin qaydalara riayət etmək məcburiyyətindədir.

Bəzi iş yerlərində, məsələn, pedaqoji müəssisələrdə, uşaq bağçalarında işə qəbul zamanı namizədlərlə söhbət zamanı onların psixi vəziyyətləriylə bağlı testlər keçirilə bilər, həmçinin işin xüsusiyyətindən asılı olaraq məhkumluğun olub, olmaması haqqında arayış tələb edilə bilər. Həmçinin, cəzaçəkmə müəssisələrindən çıxmış insanların cəmiyyətə adaptasiya olunması vacib məsələdir və bu məsələ "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial adaptasiyası haqqında" qanunla tənzimlənir. Eləcə də, "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa görə, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aid edilir və onlar kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilirlər. Lakin namizədə bu mövzuda hərtərəfli suallar vermək doğru hesab edilmir.

Eləcə də, siyasi partiyalılıq və siyası fəaliyyətə dair suallar müsahibələr zamanı soruşulmamalıdır.

Nəzərdə tutulan vəzifə üçün boy və çəki tələbi yoxdursa, namizədin çəkisi və ya boyu ilə bağlı suallar verilməməlidir.

Bu siyahını çox uzatmaq olar. Nəzərdə tutulan vakansiyaya işçi götürmək əslində həm də çox məsuliyyətli bir prosesdir. Müsahibə həm də işlədiyimiz şirkət haqqında fikir formalaşdırır. Ona görə də, hər bir insan resursları üzrə mütəxəssisi şəxsi marağını təmin edən sualları kənara qoyub, sırf professionallığı, namizədin iş qabiliyyətini ortaya çıxaracaq müsahibə sualları verməlidir.

Bəs siz hansı sualların verilməsinin tərəfdarı deyilsiniz?


Müəllif: Sevinc Qarakişiyeva

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab