Human is the best capital
“İşsizlikdən sığorta haqqında” Qanununa dəyişiklik edildi
Əsas səhifə / BLOG / “İşsizlikdən sığorta haqqında” Qanununa dəyişiklik edildi

                                                                                                   “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; 2018, № 12 (I kitab), maddə 2503; 2019, № 3, maddə 381, № 8, maddə 1382; 2020, № 5, maddə 521) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir.”.

2. 4.0.5-ci maddədən “sığorta stajından və” sözləri çıxarılsın.

3. 13-cü maddə üzrə:

3.1. 13.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:

13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən;

13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən;

13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən.”;

3.2. 13.2.1-ci maddəyə “işsizliyin” sözündən əvvəl “bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda” sözləri əlavə edilsin və həmin maddədən “, lakin ən azı 3 il” sözləri çıxarılsın;

3.3. 13.2.2-ci maddəyə “işsizliyin” sözündən əvvəl “bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda” sözləri əlavə olunsun və həmin maddədə “3” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin;

3.4. 13.2.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 13.2.3-cü maddə əlavə edilsin:

“13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində.”;

3.5. 13.5-ci maddədə “İlk dəfə” sözləri “Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ilk dəfə” sözləri ilə əvəz olunsun və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.”;

3.6. 13.6-cı maddəyə “6 ay” sözlərindən sonra “, bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay ” sözləri əlavə edilsin;

3.7. 13.8-ci maddəyə “12 ay” sözlərindən sonra “, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 36 ay” sözləri əlavə edilsin.

4. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.”.

5. 17-ci maddə üzrə:

5.1. 17.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“17.1. Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına və mobil telefonuna (olduğu halda) bildiriş göndərilir.”;

5.2. 17.7-ci maddənin birinci və ikinci cümlələrinə ismin müvafiq hallarında “alan şəxs” sözlərindən sonra ismin müvafiq hallarında “, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxs” sözləri əlavə edilsin;

5.3. 17.8-ci maddəyə “alan şəxslərin” sözlərindən sonra “, habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərin” sözləri əlavə edilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2020-ci il.



HRclub.az
TEL: +994552200822
site by