Qanunvericilik
Əsas səhifə / Qanunvericilik
Əmək müqaviləsinin mahiyyəti və işə qəbul zamanı diqqət yetirilməli məqamlar
  • 3837

Əmək müqaviləsinin mahiyyəti və işə qəbul zamanı diqqət yetirilməli məqamlar

İlk öncə bildirmək istərdim ki, Azərbaycan Respublikasının Konstitusiyanın 35-ci maddəsinin II hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Zənnimcə bu sahədə bəzi maarifləndirmə işlərinin görülməsi daha məqsədə uyğun olar. Belə ki, bəzi iş axtaranlar, xüsusilə də təhsil müəssisələrini bitirərək iş həyatına başlamağı planlaşdıran gənclər əmək qanunvericiliyi sahəsində zəruri biliklərə malik deyildirlər. Hansı ki, sonda bu cür məsələlər xoşagəlməz, fərdi əmək mübahisələrinə səbəb olurlar. Əslində bu barədə məqalə yazmağıma da başlıca səbəb elə budur.

Əvvəlcə, əmək müqaviləsinin mahiyyəti və onun işçilərə hüquqi təminatları barədə açıqlama vermək istərdim. Əmək müqaviləsi– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək münasibətlərinin yaranması üçün ən başlıcası, qarşılıqlı müqavilənin imzalanması və bu müqavilənin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemində (www.e-gov.az saytında) qeydiyyata alınmasıdır. Əks təqdirdə, bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Məcəllə) 49-cu maddəsinin I hissəsinə əsasən etibarsız sayılır və heç bir hüquqi qüvvəsi olmur.

Çox təəssüflə qeyd etmək istərdim ki, hal-hazırda da bir çox işəgötürənlər tərəfindən yuxarıda göstərilən pozuntulara yol verilir və praktikada dəfələrlə qarşılaşdığımız məsələlərdən olan əmək müqaviləsi bağlanılmadan işçi işlətmək halları hələ də baş verir. Nəticə etibari ilə, işçi Məcəllənin 9-cu maddəsində qeyd olunan hüquqlardan məhrum olur və gələcəkdə öz hüquqlarını tələb etdikdə və ya aidiyyatı üzrə müvafiq qaydada şikayət etmək istədiyi zaman problemlərlə qarşılaşır.

Nəzərinizə çatdırım ki, əslində bu halların qarşısının alınması üçün ölkə qanunvericiliyində müvafiq tələblərə riayət etməyən işəgötürənlə barəsində ciddi tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sadəcə bəzi vətəndaşlarımız hələ də bu qanunlardan xəbərsizdirlər.

1) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxsləriyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

2) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1.1-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

İşə qəbul olunan zaman üzləşilən problemlərdən biri də, əmək müqaviləsi bağlanılan zaman təqdim edilən sənədlərlə əlaqədardır. Belə ki, bəzi işəgötürənlər işə qəbul edilməsi ilə əlaqədar şəxslərdən qanunsuz olaraq lazımsız sənədlər, arayışlar tələb edirlər. Baxmayaraq ki, Məcəlləsinin 48-ci maddəsində əmək müqaviləsi bağlanarkən işçinin təqdim edəcəyi sənədlərin dəqiq siyahısı qeyd olunmuşdur. Bu halın ən bariz nümunələrindən biri, əmək müqaviləsi bağlanılacaq işçidən "yaşayış yerindən arayış"ın tələb olunmasıdır. Bir daha qeyd etmək istərdim ki, Məcəllənin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. Bu maddədə açıq aydın göstərilir ki, işəgötürənlərin bu arayışı istəməyə heç bir ixtiyarı yoxdur.

Onu da nəzərinizə çatdırmaq istərdim ki, Əmək Müqaviləsi Məcəllənin 51-ci maddəsinə müvafiq olaraq işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Əmək müqaviləsi ən çoxu ilk 3 ayı sınaq müddəti təyin edilməklə bağlanıla bilər və bu müddət ərzində işçi və işəgötürən eynilə Məcəllədə qeyd olunan hüquq və vəzifələrə sahibdirlər. Yəni, işçi əmək müqaviləsinə uyğun olaraq, əmək haqqı almalıdır, istirahət günü olmalıdır, iş günü ərzində nahar fasiləsi etməlidir və s.

Son olaraq, qeyd edim ki, əmək hüquqlarınız pozulduğu zaman siz bu barədə əməyin mühafizəsi normalarına və qaydalarına nəzarəti həyata keçirən dövlət orqanı olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin yanında Dövlət Əmək Müfəttişliyinə və ya birbaşa məhkəməyə müraciət edə bilərsiniz.

Ümid edirəm ki, bu məqaləm bundan sonra işçilərə və gələcəkdə işə qəbul olanacaq əməkdaşlara öz hüquqlarını bilməkdə və işəgötürən qarşısında tələb etməkdə az da olsa maarifləndirici təsiri olacaqdır.


Orxan Quliyev,
 Hrclub.az saytının təsisçisi

Ümumi göstəricilər

Sənəd, Kitab və Sual gösətiriciləri

  • 500+Elektron sənəd
  • 100+Elektron kitab
  • 1000+Sual-Cavab